Naxçıvan şəhərində “Xəmsə” Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyinin final mərhələsi reallaşıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışda rayon və şəhərlər üzrə seçim mərhələsinin qalibləri olmaqla, ümumilikdə 8 komanda iştirak edib.
Maraqlı intellekt mübarizəsinin yekununa əsasən Culfa rayonunun “Mübarizlər” komandası 2300 xalla birinciliyin qalibi olmaqla kuboka sahibi olub. Ordubadın "İnternat" komandası 2050 xalla ikinci, Kəngərlini təmsil edən “Qələbə” komandası isə 1300 xalla üçüncü yerə sahib çıxıb. Adıçəkilən komandaların üzvlərinə diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu ilin oktyabr ayında mərhələ yarışları ilə start götürən birinciliyə 56 komandadan 280 məktəbli qatılıb.
“Xəmsə” Milli İntellektual Oyunu gənclərin analitik düşüncə tərzinin və komanda bacarıqlarının inkişafı, dünyagörüşlərinin genişləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.